Neft-qaz resursları ölkəmizin inkişafına və bölgədə təhlükəsizliyin möhkəmlənməsinə yönəlib
Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizində müstəsna rol oynayan Azərbaycan strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin təminatçısıdır
Azərbaycanın müstəqil siyasətinin uğurlarından bəhs edən dövlət başçısı İlham Əliyev bu nailiyyətlərin gələcəyə böyük inamla baxmağa əsas verdiyini bildirir: “Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir.”
Son illərin siyasi, iqtisadi, sosial uğurlarını təhlil edən xarici ekspertlər də dünyanı bürüyən maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın iqtisadi inkişaf baxımından digər ölkələrə nümunə göstərilməsini ölkədə aparılan ciddi, düşünülmüş, tək bu gün üçün yox, qarşıdakı on illər üçün hesablanmış islahatların uğurlu nəticəsi kimi qeyd edirlər.
Yalnız iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Bu fikir dünya dövlətlərinin və təşkilatların rəsmilərinin açıqlamasında xüsusi vurğulanır və ölkəmiz nümunə göstərilir. Azərbaycanın müstəqil iqtisadi siyasətinin nəticəsidir ki, bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Qərb dövlətləri ölkəmizin bu rolunu gələcəkdə daha da artıracağına böyük əminliklərini ifadə edirlər. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi uğurların davamlılığına əsas verir. Neft strategiyasının Azərbaycana qazandırdığı nailiyyətlər göz qabağındadır. Bu gün müstəqil dövlətimizin regionda və dünyada iqtisadi göstəricilərə görə liderliyi ələ alması, böyük enerji layihələrinin mərkəzinə çevrilməsi, ölkəmizin iştirakı olmadan hansısa bir iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, respublikamızın dünya birliyində yeri və rolunun artması danılmaz həqiqətdir.
Bu müqavilə ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdi, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirdi. Dünya təcrübəsi də bu faktı təsdiqləyir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində neft-qaz sektoruna 38 milyard dollardan artıq sərmayə qoyulub. Bu onu göstərir ki, Azərbaycan dövlətinin gələcəyinə böyük inam var.
Çıxışlarında daim “İqtisadiyyatın inkişafını neft amilinə bağlamaq olmaz. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”,- deyə bəyan edən Prezident İlham Əliyev bildirir ki, neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir - “Bütövlükdə bizim məqsədimiz neftdən əldə olunan gəlirləri insan kapitalına yönəltmək, Azərbaycanda güclü qeyri-neft sənayesini yaratmaq, sosial məsələlərin həllinə nail olmaq və beləliklə, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin sırasına daxil etməkdir. Budur bizim məqsədimiz və biz buna doğru irəliləyirik.”
Ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istismara verilməsi, “Şahdəniz” yatağında qazın hasil edilməsi mühüm uğurlardır. Azərbaycan çox önəmli neft-qaz ixrac edən ölkəyə çevrilir. Üç dənizi birləşdirən, Xəzər neftini dünya bazarına çıxaran dünya əhəmiyyətli BTC layihəsinin reallığa çevrilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirir.
Artıq yeni layihələr üçün real imkanlar yaranıb. Azərbaycan enerji sahəsində regional mərkəzə çevrilib. Ölkəmizin enerji təhlükəsizliyi məsələsində rolu daim önə çəkilir. BTC və BTƏ neft-qaz kəmərinin istismara verilməsinin əhəmiyyəti bütün beynəlxalq səviyyəli tədbirlərdə, keçirilən görüşlərdə vurğulanır. Beynəlxalq dəyərə malik və Avropanın enerji təhlükəsizliyinə zəmanət verən belə layihələr dövlətlərin maraqlarını yaxınlaşdırmaqla iqtisadi göstəricilərin artmasını şərtləndirir.
Azərbaycanın kifayət qədər potensialı var ki, Avropaya əsas qaz ixracatçısına çevrilsin. Bir sözlə, Azərbaycan dünya üçün önəmli ölkədir. Prezident İlham Əliyev çıxışında bu fikri xüsusi vurğulayır: “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.”
Azərbaycanın enerji potensialına tələbat artır. Ölkəmiz özünü tam təmin edir və digər layihələrdə iştirakımız imkanları daha da genişləndirir. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri müzakirə ediləndə ilk növbədə ölkəmiz barədə fikirlər səsləndirilir. Azərbaycanın neft-qaz resursları başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır.
Bu gün bir çox Avropa dövlətlərinin, o cümlədən Polşa, Rumıniya və Baltikyanı dövlətlərin ölkəmizlə əməkdaşlıqları müsbət mənada yeni mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft-yanacaq komplekslərinin inşasına investisiya qoyub.
Enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının əsas tərkib hissələrindəndir. Avropaya inteqrasiya siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz enerji təhlükəsizliyinə uzun illər öncədən diqqət yetirib: “Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl bəhs olunurdu. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik.”
Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşdı. Bir sözlə, ulu öndər Heydər Əliyevin neft strategiyası yalnız Azərbaycanı deyil, digər iştirakçı ölkələri də Avropanın diqqətində saxlayır. Azərbaycan bu gün dünyada enerji daşıyıcılarının hasilatı və nəqlinin tanınmış mərkəzlərindən biridir. Ölkəmiz öz tələbatlarını tam həcmdə ödəməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır. Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizində müstəsna rol oynayan Azərbaycan strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin təminatçısıdır. Hazırda Azərbaycanın geostrateji əhəmiyyəti təkcə zəngin neft-qaz hasilatçısı olmaqla bitmir. Ölkəmiz həm də Mərkəzi Asiya regionunda hasil edilən enerji daşıyıcılarının dünya bazarlarına sabit nəqlini həyata keçirə bilən ən etibarlı tranzit ölkə sayılır. Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət dünya dövlətlərinin Azərbaycana marağını daha da artırır.
Bütün sazişlər üzrə neft-qaz əməliyyatları uğurla yerinə yetirilir. Bir müddət öncə “Əsrin müqaviləsi” çərçivəsində Çıraq Neft Layihəsinə sanksiya verildi. İstər xarici tərəfdaşlarla, istərsə də müstəqil olaraq, yeni strukturlarda kəşfiyyat-qazma işləri aparılır.
1994-cü ildən xarici neft şirkətləri ilə aparılmış birgə iş nəticəsində yüksək təcrübə əldə olunub. Ölkəmizin güclü maliyyə imkanları, zəngin elmi-texniki və intellektual kadr potensialı var. Bu imkanlardan səmərəli istifadə etməklə neft-qaz sənayesinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verən ARDNŞ-in malik olduğu potensial imkan verir ki, Şirkət öz resurslarından istifadə etməklə, yeni strukturlarda müstəqil işləsin. Bununla yanaşı, ARDNŞ xarici şirkətlər tərəfindən təqdim olunan layihələri də diqqətdən kənarda saxlamır. Azərbaycanın istər dəniz, istərsə də quru yataqlarında ölkəmizin kifayət qədər çıxarılabilən neft ehtiyatları vardır. Bu da xarici şirkətlərin marağını cəlb edir.
Ötən ay Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni mərhələ kimi dəyərləndirilən Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin imzalanması yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Azərbaycanı “Cənub dəhlizi”nin ayrılmaz bir hissəsi kimi dəyərləndirir. Qeyd edir ki, xüsusilə də “Şahdəniz” layihəsinin ikinci fazasından hasil olunacaq Azərbaycan qazı olmadan “Cənub dəhlizi” layihəsi reallaşa bilməz.
Son aylar Bolqarıstan, Suriya, İran, Misir və digər ölkələrlə neft-qaz sahəsində əldə olunan razılaşmalar da Azərbaycanın əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu təsdiqləyir.
Bu günlərdə ARDNŞ-lə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış niyyət protokoluna əsasən “Şahdəniz-1” yatağından hasil olunan, Türkiyəyə verilən Azərbaycan qazını 550 milyon kubmetr artırmaqla və İğdır vilayətindən keçməklə Naxçıvan Muxtar Respublikasına çatdırılması mümkün olacaq.
Bütün bunlar onu sübut edir ki, əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycan onlardan səmərəli istifadə etməklə hasilatçı, tranzit ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir.
Yeganə Əliyeva, “İki sahil”