Tərəfsiz Jurnalistlər Birliyi (TJB) və Türkiyə Qəzetəçilər Federasiyasının (TQF) birgə təşkilatçılığı ilə “Türkiyə mətbuatı və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən TJB-nin sədri Elşad Eyvazlı bildirib ki, həmişə Türkiyədə baş verən hadisələr Azərbaycan mətbuatında, Azərbaycanda baş verən hadisələr isə Türkiyə mətbuatında işıqlandırılıb. O, Türkiyə mətbuatının diqqət mərkəzində olan məsələlərdən birinin də Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edib.
TQF-nin prezidenti Atilla Sertel Azərbaycan Milli Mətbuat Günü ilə bağlı jurnalistləri təbrik edib. Medianın dünyanın bütün dövlətlərində insanların məlumatlandırılması baxımından rolunun böyük olduğunu deyən A. Sertel bildirib ki, bu gün Azərbaycanda da mətbuat azadlığı var və bunun daha da inkişaf etməsini istəyir: “Azərbaycan və Türkiyənin bu qədər yaxın olmasında da medianın rolu böyükdür. Türkiyə mediası Qarabağ məsələsini illərdir ki, öz məsələsi kimi işıqlandırır. Bu gün Ermənistanın Türkiyəyə qarşı da iddiaları var və qondarma soyqırımı ilə bağlı iddialarda hər zaman saxta arqumentlərlə çıxış edirlər. Əslində onların qondarma erməni soyqırımı ilə bağlı təqdim etdiyi fotoşəkillər ermənilərin Azərbaycan və Türkiyəyə qarşı törətdiyi qətliamların fotolarıdır”.
Tədbirdə federasiyanın digər üzvləri də çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.